Haqqımızda

Bellariastrasse 8, Vyana 1010, Avstriya

Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2012-ci il Sərəncamı əsasında Avstriyada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə yaradılmışdır. Mərkəzin əsas hədəfi Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdir.

Fəaliyyət istiqamətlərimizə həmçinin Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərməkdir. Mərkəzin qonaqları kitabxanamızda Azərbaycan ədəbiyyatının klassikləri Nizami, Nəsimi və Füzulidən tutmuş müasir ədəbiyyatımızın görkəmli nümayəndələrinə kimi çoxlu sayda yazıçı və şairlərin əsərləri ilə tanış ola biləcək, mərkəzdə mütəmadi şəkildə təşkil olunan musiqi axşamlarında Azərbaycan xalq musiqisi ilə yanaşı görkəmli bəstəkarların (Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və s.) əsərlərinin səsləndirildiyi konsert proqramlarını dinləmək imkanı əldə edəcək, eləcə də Azərbaycan muğamlarından zövq ala biləcəklər.

Mədəniyyət Mərkəzində təşkil olunan sərgilər sayəsində isə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq və tətbiqi xalq sənətinin ən maraqlı nümunələri sənətsevərlərin sərəncamına veriləcəkdir. Bizim məqsədimiz həm Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, həm də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq, mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Azərbaycan mədəniyyətinə maraq göstərən qonaqları Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirlərdə salamlamaqdan məmnun olardıq.