Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova 8 Noyabr – Zəfər Gününün müasir Azərbaycan və Türk dünyası tarixində önəmli yerindən, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa etməsindən danışıb. O, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçən igid Azərbaycan övladlarının xatirəsinin hörmət və ehtiramla anıldığını vurğulayıb. Qeyd edilib ki, üç il öncə məhz Şuşa şəhərinin azad olunması ilə otuz illik münaqişəyə son qoyuldu, Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, regionda yeni reallıq yaratdı və yeni dönəmə start verildi.
L.Qasımova çıxışında, həmçinin diqqətə çatdırıb ki, bu gün Azərbaycan münaqişə və işğalın ağır nəticələrini aradan qaldırılması üçün Şərqi Zəngəzurda və Qarabağda sürətli bərpa-quruculuq işləri həyata keçirir, ümumilikdə bölgənin inkişafı, nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün ciddi addımlar atır. Azərbaycan əmindir ki, məhz sülh və dinc birgəyaşayış istiqamətində səylər Cənubi Qafqaz regionunun davamlı inkişafına yol açacaq.
Sonra Vyanada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayevin rəhbərlik etdiyi orkestr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış edib. Konsertdə, həmçinin milli muğam ifaçıları Qarabağa və Şuşaya həsr olunmuş mahnılar, təsnif və xalq mahnıları səsləndiriblər.
Konsertdən sonra ziyafət təşkil olunub.