Azərbaycan Mədəniyyət Mərkəzi qüdrətli söz və fikir ustadının yubileyi münasibətilə silsilə tədbirlər hazırlayıb və yaxın günlərdə TÜRKSOY-la əməkdaşlıq çərçivəsində dahi şairin xatirəsinə növbəti mədəniyyət layihəsi baş tutacaq.
Tədbirə aparıcılıq edən filologiya elmləri doktoru Yaqut Abdalla dünya ədəbiyyatının görkəmli nümayəndəsinin ədəbiyyat və incəsənətin müxtəlif sahələrinə təsiri barədə danışıb. Qeyd edilib ki, dahi şairin “Yeddi gözəl” poemasının süjet və motivlərindən bəhrələnən avropalı qələm ustaları (Karlo Qozzi və Fridrix Şiller) yeni teatr əsərləri ərsəyə gətirmiş və görkəmli bəstəkar Cakomo Puççini həmin rəvayətə söykənərək dünyaca məşhur “Turandot” operasını bəstələyib. Ədəbiyyatda Çin gözəlinin rəvayətini ilk dəfə Nizami tərəfindən peşəkarcasına işlənməsi, eləcə də onun əsərlərinin bədii gücü, personaj və motivləri günümüzə qədər də yaradıcı insanlar üçün ilham mənbəyi olaraq qalır.
Tədbirdə çıxış edən istedadlı rəssam Şəhla Abbasova təqdim etdiyi sərgi barədə danışıb və bildirib ki, bir çox yerlərdə Nizami Gəncəvinin əsərlərinə miniatürlərdə rast gəlinir. Lakin o, Nizami Gəncəvi mövzusuna fərqli prizmadan yanaşmağa və bədii düşüncələrini daha monumental formatda ipək üzərində canlandırmağa qərar verdiyini bildirib. İpək üzərində yaradılmış təsvirlərdən bəhs edən rəssam bildirib ki, hazırladığı “Yeddi gözəl” batika əsərlərində hər gözəlin aid olduğu ölkənin arxitekturasından və Əfşan kompozisiyanın ornamentlərindən istifadə edilib, rənglər də gözəllərin təmsil etdikləri planet və rənglər əsasında seçilib, həmçinin ipək parça üzərində qarışıq – isti və soyuq batik texnikalarından istifadə olunub.
Görkəmli şərqşünas alim Mixael Hess isə məruzəsində Yaxın və Orta Şərq fəlsəfi–ictimai və bədii-estetik düşüncə tarixinin görkəmli nümayəndələrindən biri olan Nizami Gəncəvinin həyat və yaradıcılığından ətraflı bəhs edib. O, şairin yaşadığı dövrün ədəbi-bədii mühiti, ictimai-siyasi proseslərdən danışaraq, Nizamini yetişdirən mühiti dolğun təsvir edib. Nizaminin müxtəlif dilləri dərindən bilən bir mütəfəkkir kimi səciyyələndirən M.Hess məhz bu dil bilgisi sayəsində onun geniş erudisiya sahibi olduğunu da diqqətə çatdırıb. Eyni zamanda Nizami yaradıcılığına təsir göstərmiş qələm sahibləri ilə yanaşı, onun müasirləri barədə söz açılıb, xüsusilə, Nizami “Xəmsə”sinin Şərq ədəbiyyatı ilə yanaşı, Qərb ədəbiyyatında da göstərdiyi təsir və əks-sədadan danışılıb.
Tədbirdə, həmçinin Nizami Gəncəvi yaradıcılığının nümunələrinə bəstələnmiş musiqi parçaları videoçarx kimi nümayiş olunub.