Martın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın ən qədim bayramlarından biri olan Novruz bayramı münasibətilə konsert keçirilmişdir.
Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak etmişlər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri açaraq, baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Novruz bayramı minilliklərdən bəri Balkanlardan tutmuş Orta Asiyayadək bir çox ölkələrdə ortaq mənəvi dəyər kimi qiymətləndirilir. Novruz Azərbaycanda böyük sevgi ilə ən əziz bayram kimi geniş şəkildə qeyd edilir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.
Sonra bayramın ölkəmizdə necə keçirilməsindən bəhs edən “Novruz Azərbaycanda” adlı videomaterial nümayiş etdirilmişdir.
Tədbirin bədii hissəsində “Buta” instrumental ansamblı bayram konserti ilə çıxış etmişdir. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, milli muğamlarımız səsləndirilmiş, Dövlət Mahnı və Rəqs Ansamblının solistləri milli rəqslərimizi məharətlə ifa etmişlər. Konsert səməni ilə bayram rəqsi və “Yallı” sədaları altında sona çatmışdır.Konsertdən sonra qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanmışdır.