Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun təqdimatı, sərginin açılışı və muğam konserti keçirilib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxışında yeni çapdan çıxmış kitab-albomdakı hər bir təsvirin öz tarixinin olduğunu vurğulayıb. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində türk dünyası sənətçilərinin birgə iştirakı ilə Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırıb. O, həmçinin bildirib ki, “Nizami Gəncəvi İli“ndə Azərbaycanın hüdudlarından kənarda Nizami mövzusunda ilk tədbir keçirən qurumlar arasında TÜRKSOY öndə dayanıb. Eyni zamanda, TÜRKSOY il ərzində Türkiyədə və digər ölkələrdə Nizami Gəncəviyə həsr olunmuş simpozium, konfrans və sərgilər təşkil edib.
Bildirilib ki, Nizami Gəncəvinin əsərləri təkcə Azərbaycan və türk ölkələrinin ədəbiyyatına təsir göstərməyib, onun yaradıcılığı dünyanın müxtəlif ölkələrinin söz-sənət adamları üçün ilham mənbəyi olub. Qeyd edilib ki, təqdim edilən “Nizamini oxuyaq” kitab-albomunda türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər də yer alır. Eyni zamanda, Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgidə bu günlərdə miniatürlərlə yanaşı 100 illik yubileyi qeyd edilən görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami Gəncəvi mövzunda əsərləri nümayiş olunur.
Düsen Kaseinov sonda söyləyib ki, Nizami Gəncəvinin zəngin irsinin tanıdılması mühüm əhəmiyyət daşıyır və TÜRKSOY təşkilatı da bu şərəfli missiyaya öz töhfəsini verir.
Sonra D. Kaseinov və L. Qasımova “Nizamini oxuyaq” art-albomunu qonaqlara təqdim etdilər.
Təqdimatdan sonra Avstriyada yaşayan gənc musiqiçilər Amina Maşkeyeva (fortepiano) və Yerassıl Hkamit (skripka) Qara Qarayevin “Yeddi gözəl“ baletindən bir parça səsləndiriblər.
Daha sonra tədbir Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu “Qorqud” folklor ansamblının konserti ilə davam edib. Konsertdə N.Hüseynova və Çilənay Bədəlova tərəfindən Nizami Gəncəvinin qəzəlləri ilə yanaşı Azərbaycan muğam və təsnifləri, eləcə də xalq mahnıları ifa olunub. Nizami Gəncəvinin qəzəlləri tanınmış şərqşünas alim Mixael Hessin tərcüməsində onun özü tərəfindən səsləndirilib.
Konsertdən sonra TÜRKSOY tərəfindən bu layihənin ərsəyə gəlməsində iştirak etmiş bütün tərəfdaşlara xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edilib.