VYANADA “MUĞAM VƏ KLASSİK MUSİQİNİN GÖRÜŞÜ” ADLI KONSERT KEÇİRİLİB

21 oktyabr 2017, 19:00
Argentinierstrasse 30 a, 1040 Wien

Oktyabrın 21-də Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “Muğam və klassik musiqinin görüşü” adlı konsert təşkil edilib.

Konsert Avstriya Teleradiosu (ORF) ilə Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə “ORF Radiokulturhaus” konsert zalında baş tutub.

Konsertdən əvvəl festivalın həmtəşkilatçısı və bədii rəhbəri Martina Raab çıxış edib. O, bu il festival çərçivəsində Vyana tamaşaçılarına premyera sayılacaq bir konsertin təqdim olunduğunu bildirib. Qeyd edilib ki, Azərbaycandan dəvət olunmuş ənənəvi muğam ansamblı və Vyanada təsis olunmuş klassik orkestrin birgə konserti musiqi rəngarəngliyi ilə yanaşı, öz beynəlmiləl xüsusiyyəti ilə də diqqəti cəlb edir. Bu konsertdə Avropa klassikası ilə Şərq musiqisinin keyfiyyətli və uğurlu sintezi tamaşaçılara təqdim edilir.

Festivalın rəhbəri Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə bu əməkdaşlığın baş tutmasında göstərdiyi təşkilati və maddi dəstəyə görə minnətdarlıq edib.

Konsertin ilk hissəsində Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi muğam ansamblı çıxış edib. Muğam ansamblı yeddi əsas muğamı axıcı keçidlərlə müxtəlif təsnif və xalq mahnıları ilə birlikdə ifa edib.

Konsertin ikinci hissəsində isə xalq və bəstəkar mahnılarına yer verilib. Gənc dirijor Mustafa Mehmandarovun bədii rəhbəri olduğu “Xəzər virtuozları” orkestri muğam ansamblı ilə birlikdə bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Aqşin Əlizadə və Vasif Adıgözəlovun əsərlərini və xalq mahnıları səsləndirib. Konsertin zirvə nöqtəsini isə “Qarabağ şikəstəsi” zərbi muğamı təşkil edib.