Ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə Mədəniyyət Mərkəzi ənənəvi olaraq hər il həmin ərəfədə Azərbaycan musiqisinin təbliğinə xidmət edən tədbirlər təşkil edir. Bu il isə musiqi diyarı Qarabağın daha bir yetirməsi, Azərbaycan muğamlarının ölməz ifaçısı, muğam sənətimizin inkişafında misilsiz xidmətləri olan Xan Şuşinskinin adını daşıyan fondla əməkdaşlıq əsasında musiqisevərlərə “Könlüm keçir Qarabağdan” layihəsi təqdim olunur.
Xan Şuşinski Fondunun prezidenti, böyük xalq sənətkarının qızı Bəyimxanım Verdiyeva-Cavanşirova öz çıxışında musiqinin xalqlar arasında körpü rolu oynadığını, musiqi dili ilə insanların daha yaxşı anlaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurumun da əsas hədəfi xarici ölkələrdə mədəni-kütləvi tədbirlər keçirməklə Azərbaycan mədəniyyətini yaxından tanıtmaqdır. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə fond indiyədək müxtəlif Avropa ölkələrində tədbirlər keçirib. Bu tədbirlərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və xaricdə yaşayan azərbaycanlıların doğma vətənlərinə olan mədəni-mənəvi bağlılıqlarını gücləndirməkdir.
Tədbirdə Azərbaycan musiqiçiləri xalq musiqilərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın Xalq Artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Habil Əliyev, tanınmış muğam ifaçıları Ehtiram Hüseynov və Sevinc Sarıyevanın təqdimatında milli musiqi parçaları böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycan muğamlarının və xalq mahnılarının ifa olunduğu konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb