Vyanada görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsi anılıb

24 sentyabr 2018, 19:00
Bellariastrasse 8, Wien 1010

Azərbaycan ədəbiyyat tarixi və ədəbi tənqid məktəbində önəmli yerə malik Mir Cəlal özünü oxuculara ilk növbədə hekayələri ilə sevdirə bilib. Sadə insanların gündəlik həyatı və güzəranı, əxlaqi dəyərlər, sosial problemlər və ictimai mövzular yazıçının hekayələrində dolğun şəkildə öz əksini tapır. Mir Cəlal dövrünün çatışmazlıqlarını adi həyatdan götürdüyü və bəzən də yumorun dili ilə oxucuya çatdırmağı məharətlə bacaran, ictimai tənqidi incə yumorla qələmə alan yazıçı kimi məşhurlaşıb. Məhz buna görə də onu “kiçik janrın böyük ustadı” adlandırırlar.

Azərbaycan Mədəniyyət Mərkəzi bu günlərdə vəfatının 40-cı ili tamam olan ədibin yaradıcılığına yenidən müraciət edib. Onun “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılmış “İki yad adam” bədii filmini Avstriya ictimaiyyətinə təqdim etmək qərarına gəlib. Bu məqsədlə filmin yaradıcı heyəti – Əməkdar artist Gülşad Baxşıyeva, layihə müəllifi və prodüser Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, aktyor Riad Abdulov Vyanaya dəvət edilib.