Sentyabrın 23-də Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət festivalının 7-ci buraxılışı başlayıb.
Bir həftə davam edəcək festivalın açılış günü Azərbaycan Mədəniyyət Mərkəzində “Mədəni müxtəliflik və inklüzivlik” mövzusunda panel müzakirəsi təşkil edilib. Müzakirə mədəni müxtəliflik və inklüzivlik kimi mühüm mövzulara, xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da gender bərabərliyi və iqlim siyasəti çərçivəsində inklüzivliyə necə yanaşılmalı olduğuna həsr edilib.
Tədbiri açılış nitqi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və ICDO sədri Yosipa Palats açıblar. Sonra Vyanada yaşayan azərbaycanlı musiqiçilər Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano), meksikalı soprano Neivi Martinez Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Panel müzakirəsində Əfqanıstanın Avstriyadakı səfiri Manizha Baktari, ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə koordinatoru Makit Jusupov, ICDO İcraiyyə Komitəsinin məsləhətçisi Antoni Lövtedt, Azərbaycanın Avstriyadakı səfirliyinin diplomatı Zülfiyyə Əlizadə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının təmsilçisi Ela Meşinoviç çıxış ediblər.
Tədbir iştirakçıları Bakıda keçiriləcək COP29 ərəfəsində qadınların, milli azlıqların və təcrid olunmuş icmaların qərar qəbuletmə proseslərində təmsil olunmasını, bu yolda görülən işləri müzakirə ediblər. Çıxışlarda ədalətli iqlim idarəçiliyinin formalaşdırılmasında müxtəlif perspektivlərin və dayanıqlı gələcəyə hədəflənən strategiyaların vacibliyindən bəhs olunub.
Çıxışçılar Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un iqlim dəyişikliklərinə qarşı mübarizədə uğurlu nəticələrin əldə edilməsi istiqamətində bir sıra təşəbbüslərə təkan verəcəyinə inam ifadə ediblər.