Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirinə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıblar.
Yubiley mərasimi BDU tələbələrinin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirildiyi videokadrın nümayişi ilə başlanıb.
Tədbirin bədii hissəsində gənc dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə “Xəzər virtuozları” kamera orkestri konsert proqramı təqdim edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər Cəmilə Qaraçaylı (skripka), Arslan Növrəsli (tar) və Etibar Əsədlinin (fortepiano) ifaları maraqla qarşılanıb.
Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. Mədəniyyət Mərkəzinin zallarında BDU-nun 100 illik fəaliyyəti haqqında tarixi və müasir fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Qeyd edilməlidir ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ilin noyabr ayında Bakı şəhərində tədbirlər silsiləsi keçiriləcək.