Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qrosmeyster Nicat Abasov uşaq və yeniyetmələrə ustad dərsi keçib.
Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə təşkil edilən görüşdə Avstriyada yaşayan soydaşlarımız və şahmata həvəs göstərən uşaq və yeniyetmələr iştirak ediblər.
Zəka oyununa uşaq və yeniyetmələrin marağını artırmaq məqsədilə keçirilən tədbirdə N.Abasov şahmat aləminə gəlişindən, erkən yaşda bu idman növünü yaxşı öyrənməyin yollarından və ilkin mərhələdə hansı addımların atılmasının vacibliyindən danışıb. O, uşaqlara ən çox oynanan debütləri nümayiş etdirib, fiqurların inkişaf etdirilməsi və rəqibi oyunda çətin vəziyyətə salmaq üçün tələb olunan qayda və fəndləri izah edib.
Sonra N.Abasov tədbirdə iştirak edən şahmat həvəskarları ilə sinxron seans keçirib.
Soydaşlarımız yaradılmış bu şəraitə görə minnətdarlıq ediblər və gənc nəslin şahmata həvəsinin artırılması üçün gələcəkdə bu cür ustad dəsrlərinə böyük maraq olduğunu ifadə ediblər.
Qeyd edək ki, aprelin 30-da Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Şahmat Federasiyasının birgə təşkil etdiyi sinxron yarışda 30 idmançı Nicat Abasova qarşı gücünü sınayıb.