Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində əcnəbilər üçün Azərbaycan dili kurslarında tədris ilinə yekun vurulub.
Tədris ilinin başa çatması ilə əlaqədar kursun tələbələri üçün Azərbaycan film axşamı təşkil olunub. Film axşamında tələbələrlə yanaşı Avstriyada yaşayan soydaşlarımız da iştirak ediblər.
Əcnəbilər üçün Azərbaycan dili kurslarının rəhbəri Yaqut Abdalla tədris ilinə yekun vuraraq il ərzində keçirilən dərslər, Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi barədə təqdim edilən materiallar barədə danışıb. Qeyd edilib ki, tələblərin arzusu əsasında film axşamı üçün Azərbaycan kinomatoqrafiyasının ölməz əsərlərindən biri – “Uşaqlığın son gecəsi” bədii filmi seçilib.
Sonra Y. Abdalla bədii filmin mahiyyəti və mövzusu, çəkiliş heyəti, baş və epizodik rollarda çəkilmiş tanınmış aktyorlar və digər maraqlı məqamlar barədə danışıb.
Filmi seyr etdikdən sonra tədbir iştirakçıları filmdə günümüzlə səsləşən mövzular barədə fikir mübadiləsi aparıblar.