VYANADA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ AÇILMIŞDIR

13 may 2013, 16:00
Bellariastrasse 8, 1010 Wien

Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısı Mərkəzin açılışını etdi. Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Dövlətimizin başçısı dünya mədəniyyəti paytaxtlarından biri sayılan Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını iki ölkənin münasibətləri tarixində əlamətdar hadisə kimi qiymətləndirdi. Səfər zamanı siyasi, iqtisadi, təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi barədə Avstriya dövlətinin başçısı ilə ətraflı fikir mübadiləsi apardıqlarını deyən Prezident İlham Əliyev bu baxımdan imzalanan bəyannamənin mühüm əhəmiyyətini vurğuladı. Vyanada keçirilən biznes forumun əhəmiyyətinə toxunan dövlətimizin başçısı hər iki ölkənin fəal işgüzar dairələrinin yeni layihələr reallaşdırmaq əzmində olduqlarını bildirdi. Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın da uğurla davam etdirildiyini deyən Prezident İlham Əliyev Bakıda Qız qalasının bərpasını, həmçinin respublikamızın paytaxtında müasir Xalça Muzeyinin inşasını da avstriyalı mütəxəssislərin həyata keçirdiklərini qeyd etdi. Dövlətimizin başçısı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin ölkələrimiz və xalqlarımız arasında güclü dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Bu əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik edən Prezident İlham Əliyev yeni Mərkəzə gələcək fəaliyyətində uğurlar arzuladı.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etməkdən şərəf duyduğunu deyən Avstriya parlamentinin vitse-spikeri Frits Noyqebauer ölkələrimiz arasında dostluq münasibətlərinin hökm sürdüyünü vurğuladı. O, 2011-ci ilin oktyabrında Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfərini, həmçinin cari ilin martında özünün rəhbərlik etdiyi parlament nümayəndə heyətinin respublikamıza gəlməyini xatırlayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi. Siyasi və işgüzar əlaqələrin mühüm əhəmiyyətinə toxunan Frits Noyqebauer bildirdi ki, mədəni əlaqələr xalqların bir-birinə yaxınlaşmasına kömək edir. Vitse-spiker Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfərinin, eləcə də yeni Mədəniyyət Mərkəzinin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəyinə əminliyinin bildirdi.

Mərasimdə Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu Mədəniyyət Mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildirdilər. Onlar Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyətini vurğuladılar.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli Sərəncamı əsasında Avstriyada ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədi ilə yaradılmışdır. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərmək də daxildir. Bu mədəniyyət ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin, Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər.

Mərkəzdə mütəmadi şəkildə təşkil olunacaq musiqi axşamlarının iştirakçıları Azərbaycan xalq musiqisi ilə yanaşı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər tanınmış bəstəkarların əsərlərinin səslənəcəyi konsert proqramlarını dinləmək imkanı əldə edəcək, Azərbaycan muğamlarından zövq ala biləcəklər. Mədəniyyət Mərkəzində təşkil olunacaq sərgilərdə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq və tətbiqi xalq sənətinin ən maraqlı nümunələri sənətsevərlərin sərəncamına veriləcəkdir. Mərkəzin yaradılmasında başlıca məqsədlərdən biri də Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, eləcə də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Vyanada yaradılan Mədəniyyət Mərkəzi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi növbəti mühüm tədbirlərdən biridir. Yeni, mədəniyyət ocağı da bu sahədə aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açır.

Xatırladaq ki, bundan əvvəl xaricdə ilk Azərbaycan Mədəniyyət Mərkəzi ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Parisdə açılmışdı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Sonda xatirə şəkli çəkdirildi.