Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib

18 noyabr 2019, 20:00
Bellaria Strasse 8, Wien 1010

Noyabrın 18-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz ifaçısı, bəstəkar və caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə konsert təşkil olunub.

Vaqif Mustafazadə təkcə Azərbaycanda deyil, eləcə də dünya musiqi tarixində özünəməxsus yerə malikdir. O, Azərbaycan caz musiqisinin banisi və yeni caz üslubunun yaradıcısıdır, muğamı klassik Amerikan caz musiqisi ilə mükəmməl şəkildə sintez edərək caz-muğam üslubunu ərsəyə gətirib. Bir bəstəkarın təkbaşına yeni üslubu meydana gətirməsi nadir hadisədir.

Avstriyada yaşayan caz pianoçusu Adrian Qaspar konsertdən öncə çıxış edərək, hələ gənc yaşlarından Vaqif və Əzizə Mustafazadələrin yaradıcılığının vurğunu olduğunu və öz yaradıcılığında onların əsərlərindən bəhrələndiyini qeyd edib. O, Vaqif Mustafazadənin xatirəsinə təşkil olunmuş konsertdə dahi cazmenin öz qrupu ilə məmnuniyyətlə çıxış etdiyini diqqətə çatdırıb. Caz qrupu xorvatiyalı vokalçı Aleksandra Namyesnikin ifasında Azərbaycan və Balkan ölkələrinin caz musiqisinə müraciət olunub.

Konsertdə pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə isə həm Vaqif Mustafazadənin, həm də özünün caz bəstə və improvizasiyalarını məharətlə ifa edib.