Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib

29 may 2018, 19:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Mayın 29-da Vyanada yerləşən Lixtenşteyn sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyadakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Avstriyanın dövlət himni səsləndirildikdən sonra ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov tədbiri açaraq bildirib ki, Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünü böyük qürur və təntənə ilə qeyd edir.

Səfir deyib ki, mövcud olduğu qısa müddət ərzində həmin dövr üçün bir çox uğurlara imza atan gənc Azərbaycan dövlətinin şanlı salnaməsi Azərbaycan xalqının tarixində silinməz izlər buraxıb. Onilliklər boyu Azərbaycan xalqının qəlbində müstəqillik alovu sönmədi və 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin varisi elan etdi. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren və demokratik bir ölkə olaraq Cümhuriyyətin ideallarını gerçəkləşdirir. Müstəqilliyin ilk illərində çoxsaylı siyasi və iqtisadi problemlərə baxmayaraq, Azərbaycan güclü və dinamik bir dövlət kimi inkişaf edib, qonşuları və bütün beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaşa çevrilib.

Avstriya Parlamenti sədrinin müavini Annalize Kitzmüller çıxışında bildirib ki, Azərbaycan kimi Avstriya da bu il ölkədə respublika üsul-idarəsinin elan olunmasının 100-cü ilini qeyd edir. İki ölkənin tarixi arasında oxşar məqamlara diqqət çəkən A.Kitzmüller deyib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial var. Kifayət qədər keşməkeşli olan XX əsrdə yaşananları nəzərə alan ölkələrimiz XXI əsrdə bir-birinə daha da yaxınlaşmalı, xüsusilə də iqtisadi və mədəni müstəvidə əlaqələr dərinləşdirilməlidir. O, bu il 100 yaşını qeyd edən hər iki respublikanın daha da yaxınlaşması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və məhsuldar əlaqələrin intensivləşdirilməsi istiqamətində səylərini gücləndirməli olduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında Xalq Cümhuriyyəti dövrünə nəzər salıb, qısa müddət ərzində gənc respublikanın müasir dövlətçilik ənənələri yaratdığını, nəinki regiondakı ölkələr, eləcə də bir çox Qərb ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququnun verilməsi kimi mütərəqqi qanunların qəbul olunduğunu, ciddi islahatların aparıldığını diqqətə çatdırıb. O, həmin mütərəqqi düşüncə tərzi, dünyəvi prinsiplər və sülhsevər məramı özünə əsas götürən müasir Azərbaycan dövlətinin mədəniyyət və incəsənətini Avstriyada təbliğ edən Azərbaycan Mədəniyyət Mərkəzini müxtəlif mədəniyyətə mənsub insanları bir araya gətirdiyini və məhsuldar dialoqun baş tutduğu bir məkan olduğunu qeyd edib.

Avstriya Parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri Barbara Krenn çıxışında Milli Şuraya keçirilmiş son seçkilərdən sonra parlament qrupunun rəhbəri vəzifəsini üzərinə götürdüyünə görə məmnun olduğunu qeyd edərək, iki ölkə arasında parlament diplomatiyasının, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün səylərini artıracağını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi parlament qrupu adından Azərbaycan xalqına bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) prezidenti Qerald Qersthofer hər iki ölkədə biznes mühiti və sahibkarlıq fəaliyyəti kimi sahələrdə münbit şəraitin mövcud olduğunu qeyd edərək, həm strateji nəqliyyat, həm də enerji dəhlizlərinin üzərində yerləşən Azərbaycanın Avstriya, eləcə də Avropa üçün daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müstəqillik əldə etdikdən sonra möhkəm dövlətçilik strukturu quran Azərbaycanın cəlbedici iqtisadi tərəfdaş olduğunu nəzərə çatdıran Q.Qersthofer Avstriya şirkətlərini Azərbaycana sərmayə yatırmağa çağırıb.

Sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Azərbaycan-Avstriya münasibətlərinə həsr olunmuş sənədli filmin təqdimatı olub. Film Azərbaycan səfirliyinin təşəbbüsü ilə hazırlanıb.

Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəylinin fortepianoda müşayiəti ilə dünya şöhrətli opera müğənnisi, Rusiyanın Xalq Artisti Anna Netrebko (sopran) və İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasının solisti Azər Rzazadə (tenor) Azərbaycan və italyan bəstəkarlarının klassik əsərlərindən ibarət proqramla çıxış ediblər. Musiqiçilərin möhtəşəm ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramından sonra sarayın digər salonunda Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayevanın rəhbərlik etdiyi “Hicaz” etno-caz qrupu konsert proqramı ilə çıxış edib. Eyni zamanda, sarayın sərgi salonunda fotoqraf Aleksandr Kozlov tərəfindən hazırlanmış və Azərbaycana həsr olunmuş fotosərgi açılıb.

Sonda qonaqlar milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafətə dəvət ediliblər.