VYANADA “ARŞIN MAL ALAN” OPERETTASININ 100 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR

25 oktyabr 2013, 19:00
Bellariastrasse 8, 1010 Wien

Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.

Mərkəzin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək bildirmişdir ki, Mədəniyyət Mərkəzi qısa zamandır fəaliyyət göstərməsinə baxmayaraq, artıq daha bir tədbir dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuşdur. O qeyd etmişdir ki, 100 il bundan əvvəl məhz bu gün Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının Bakıda ilk tamaşası göstərilmişdir. İlk gündən tamaşaçıların böyük rəğbətini qazanan əsər 60-dan artıq dilə tərcümə edilmiş, dünyanın 160-dan çox ölkəsində nümayiş olunmuşdur. Leyla Qasımova demişdir ki, ölməz sənət incisinin nümayiş olunduğu şəhərlər siyahısında dünya klassik musiqisinin paytaxtı Vyana şəhəri də olmuşdur. 2006-cı ildə Vyana Kamera Operasında avstriyalı aktyor heyətinin iştirakı ilə əsər alman dilində təqdim olunmuşdur.

Həmçinin qeyd edilmişdir ki, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd olunması haqqında qərar qəbul edilmişdir. Buna görə də əsərin yubileyi nəinki Azərbaycanda, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda da geniş qeyd edilir.Sonra Azərbaycan kino tarixinin ən dəyərli incilərindən olan Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva, Mirzəağa Əliyev kimi ölməz sənətçilərin rol aldığı “Arşın mal alan“ filmi nümayiş olunmuşdur. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Filmin nümayişindən sonra qonaqlara ziyafət verilmişdir.