Avstriyanın paytaxtı Vyana şəhərində Təbiət Tarixi Muzeyində Azərbaycan hökuməti tərəfindən bu muzeyə hədiyyə edilən meteorit parçasının təqdimat mərasimi keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri muzeyin mineralogiya və petroqrafiya departamentinin rəhbəri Frans Brandştetter giriş sözü ilə açıb. O, Vyana Təbiət Tarixi Muzeyinin dünyanın nümayiş olunan ən böyük meteorit kolleksiyasına sahib olduğunu və burada müxtəlif ərazilərə düşmüş 7 mindən artıq meteorit parçasının saxlandığını bildirib. Bu gün elmi-tədqiqat məqsədləri üçün geniş istifadə edilən kolleksiyanın əsası 1748-ci ildə Avstriya imperatoru I Frants tərəfindən qoyulub və bununla da Vyana Təbiət Muzeyi dünyanın ən qədim meteorit kolleksiyasına sahib olmasına görə fəxr edir. Əksəriyyəti hədiyyə edilən meteorit parçaları müfəssəl şəkildə sənədləşdirilir və onlardan elmi-tədqiqat məqsədləri üçün də istifadə olunur.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycan hökumətinin muzeyə hədiyyəsinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunduğunu bildirib. Qeyd edilib ki, Yardımlı meteoriti Azərbaycan ərazisinə düşmüş və muzeyin kolleksiyasına daxil edilən ikinci meteorit parçasıdır. 1891-ci ildə Şuşa qəzası ərazisinə düşmüş Hindarx meteoritinin parçaları bu muzeyin əsas sərgi salonunda nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev çıxışında qeyd edib ki, Yardımlı meteoritinin bir parçasının Vyana Təbiət Tarixi Muzeyinə hədiyyə edilməsi təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. O, iki ölkə arasında, xüsusilə də iki ölkənin müvafiq elmi-tədqiqat qurumları arasında intensiv əlaqələri nəzərə alaraq, Azərbaycan hökumətinin bu nəcib addımı atdığını bildirib. E.Babayev əlavə edib ki, elm aləmində meteoritlərə kosmik qonaq adı verilir və qonaqpərvər xalq kimi tanınan Azərbaycan xalqı öz ərazisinə düşmüş bu qiymətli kosmik nümunəni yalnız yüksək əlaqələr nəzərə alaraq bu muzeyə bağışlayır. Həmçinin qeyd edilib ki, meteorit parçası yalnız qorunub saxlanmaq və nümayiş etdirilmək üçün deyil, eyni zamanda elmi tədqiqatlarda istifadə edilmək üçün muzeyə hədiyyə edilib.
Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin meteorit kolleksiyası üzrə əlaqələndiricisi, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü Ludovik Ferrier tədbir iştirakçılarına Yardımlı meteoriti barəsində məlumat verib. Bildirilib ki, 1959-cu ilin noyabrın 24-də Azərbaycanın Yardımlı rayonu ərazisinə düşən meteorit ölkə ərazisinə düşən ilk dəmir meteoritdir. Altı fərdi nümunədən ibarət olan və məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşən bu meteoritin ümumi çəkisi 152,5 kq-dır. Tərkibinə və səth strukturuna görə unikal quruluşa malik bu meteorit Günəş sistemini tədqiq etmək üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Yer səthinə düşən dəmir meteoritlərin sayca az olduğunu nəzərə aldıqda, Yardımlı meteoritinin elmi əhəmiyyəti daha da artır. Qeyd edib ki, Yardımlı meteoritinin ən böyük parçasından (117 kq) kəsilmiş 250 qramlıq bu hissə muzeyin ən qiymətli eksponatlarından birinə çevriləcək.
Sonra qonaqların iştirakı ilə meteorit parçası muzeyin sərgi salonunda nümayiş olunacağı əraziyə yerləşdirilib.