Ulu Öndər Heydər Əliyevin xatirəsinə qala-konsert

13 may 2023, 17:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər davam etməkdədir.

Təntənəli mərasimlərdən biri klassik musiqinin beşiyi hesab edilən Vyana şəhərində baş tutub. Şəhərinin mərkəzində yerləşən “Konzerthaus” mədəniyyət evinin Böyük Zalında Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş qala-konsert və sərgi keçirilib.

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi qala-konsertdə Avstriya rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirləri, Avstriyada yaşayan soydaşlarımız və musiqisevərlər iştirak ediblər.

Ü. Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə keçən konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb və proqramda Cüzeppe Verdi, Fikrət Əmirov, Cakomo Puççini, Qara Qarayev, Niyazi, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli, Ruqqero Leonkavallo və digər bəstəkarların əsərləri yer alıb.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Sahib Paşazadə və Afaq Abbasova, gənc ifaçılar Atəş Qarayev və Daria Rıbak, Berlin və Vyana Dövlət Operalarının solisti Etiyen Dupui Azərbaycan və italyan operalarından ariya, duet və tersetlər, eləcə də bəstəkar mahnıları ifa ediblər. Yusif Eyvazovun Fikrət Əmirovun “Sevil“ operasından Balaşın ariyası, Afaq Abbasovanın ifasında həmin bəstəkarın “Azərbaycan elləri” mahnısı, Atəş Qarayevin ifasında isə Asəf Zeynallının “Ölkəm” romansı alqışlarla qarşılanıb. Daria Rıbak və Etiyen Dupui isə italyan bəstəkarlarının operalarından ariyaları yüksək məharətlə ifa ediblər.

Konsertdə Azərbaycan tarında səslənən əsərlər böyük maraqla qarşılanıb. Azərbaycan bəstəkarları Vasif Adıgözəlovun “Qərənfil” əsəri və Həsən Rzayevin “Çahargah“ rapsodiyası Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadənin təqdimatında tamaşaçıları heyran qoyub. Dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin bəstələdiyi “Dəniz” kompozisiyası orkestrin müşayiəti ilə onun ifasında tamaşaçılarda xüsusi xoş ovqat yaradıb.

Konsert Azərbaycan milli ruhunun klassik üslubda ən parlaq təzahürlərindən biri olan, rəngarəng melodiyalarla zəngin “Azərbaycan kapriççiosu” əsəri ilə yekunlaşıb.

Konsertdən sonra “Konzerthaus” mədəniyyət evinin Votruba salonunda ”Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda sərginin açılışı olub. Sərginin açılışında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, xüsusilə Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və ölkənin siyasi, iqtisadi və mədəni inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun siyasi iradəsi, bacarığı və müdrikliyi sayəsində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi və bu gün Ümummilli Liderin qurduğu bünövrə üzərində müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir.

L.Qasımova qala-konsertin ərsəyə gəlməsinə dəstək göstərən bütün tərəfdaşlara, xüsusilə yorulmaz xidmətinə görə Xalq Artisti Yusif Eyvazova, Əməkdar artist Fuad İbrahimova və bütün yaradıcı heyətə minnətdarlığını ifadə edib, eləcə də Azərbaycan məhsullarının təqdimatına görə “Savalan” şirkətinin rəhbərliyinə təşəkkür edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında Ulu Öndərin dünya siyasətində tutduğu yerə nəzər salıb, onun Azərbaycan dövlətçiliyi üçün göstərdiyi fəaliyyətdən bəhs edib. Qeyd edilib ki, müasir Azərbaycan tarixinin hər bir mərhələsi, eləcə də Azərbaycan mədəniyyətinin inkişafı Ulu Öndər Heydər Əliyevin irsi ilə sıx bağlıdır. Heydər Əliyevin təbirincə desək, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək onun bütün ömrünün məqsədi olub.

Səfir bildirib ki, Heydər Əliyevin yürütdüyü siyasət Azərbaycanın mədəniyyətini, musiqisini və adət-ənənələrini azərbaycançılıq ideyalarını ölkə hüdudlarından da kənarda yüksək səviyyədə ifadə edən bir gücə çevirdi.

R.Sadıqbəyli həmçinin diqqətə çatdırıb ki, 10 illik yubileyi də qeyd edilən Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyətinin və musiqisinin Avstriyada tanıdılmasında mühüm rol oynayır.

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusuna həsr olunmuş bu sərgidə onun hakimiyyətdə olduğu dövrlərdə incəsənət xadimləri ilə şəkilləri, ölkənin aparıcı mədəniyyət obyektlərinin açılışında iştirakı, eləcə də onun təşəbbüsü ilə təşkil olunmuş mühüm mədəni-kütləvi tədbirlərdən fotolar nümayiş olunub. Sərgi tamaşaçılara Heydər Əliyevin Azərbaycan mədəniyyəti, musiqi, teatr və kino sənəti, eləcə də incəsənətin digər sahələrinə göstərdiyi diqqət və qayğı barədə dolğun təəssürat almağa imkan yaradıb.

Sərgi ziyafətlə davam edib.