“TOLERANT AZƏRBAYCAN GƏNCİ” ADLI BƏDİİ SƏRGİ

25 may 2015, 19:00
Bellaria Strasse 8, 1010 Wien

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gənc rəssamların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” adlı bədii sərgi açılıb.Qeyd edək ki, “Tolerant Azərbaycan gənci” layihəsinin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Bununla yanaşı, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır.

Layihə çərçivəsində ilk növbədə Bakıda yaradıcı gənclər arasında təsviri sənətin rəngkarlıq, qrafika və heykəltaraşlıq növləri üzrə müsabiqə elan olunub. Təqdim olunmuş 150-ə yaxın əsərdən təxminən 100-ü müsabiqəyə buraxılıb və Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda nümayiş etdirilib. Rəngkarlıq nominasiyası üzrə I yerə Zərnişan Yusifin müəllifi olduğu “Dini bərabərlik insan bərabərliyidir” əsəri, qrafika nominasiyası üzrə I yerə Nərmin Abdullayevanın müəllifi olduğu “Bir günəş altında” əsəri, heykəltaraşlıq nominasiyası üzrə I yerə Sənan Cəfərovun “Tolerantlıq” heykəli layiq görülüb.