Oktyabrın 5-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Xalq rəssamı Toğrul Nərimanbəyov və Əməkdar rəssam Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Nəsillərin rəng dünyası” adlı sərgi açılıb.
Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova görkəmli rəssam Toğrul Nərimanbəyovun həyat və yaradıcılığı barədə danışıb. Bildirilib ki, Toğrul Nərimanbəyov XX əsr Azərbaycan rəngkarlıq sənətinin ən tanınmış nümayəndələrindən biri olmaqla yanaşı, həm də opera müğənnisi və şair kimi tanınıb. Əsərlərində, ilk növbədə, vətəni Azərbaycanı tərənnüm edən rəssam Azərbaycan mənzərələri, nağılları, qədim Bakı və digər motivləri özünəməxsus şəkildə kətan üzərinə köçürüb.
Diqqətə çatdırılıb ki, Toğrul Nərimanbəyovun yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gələn əsərləri bu sərgidə toplanıb. Şəxsi kolleksiyalarda saxlanılan əsərlər ilk dəfə geniş ictimaiyyətə təqdim olunur.
L.Qasımova çıxışında Əməkdar rəssam Əsmər Nərimanbəyovanın müasir Azərbaycan rəngkarlıq sənətində tutduğu yer barədə danışıb. Qeyd edilib ki, onun yaradıcılığına qiymət verərkən ilk olaraq böyüyüb boya-başa çatdığı və incəsənət xadimi kimi yetişdiyi mühitə nəzər salmaq lazımdır. SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltaraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açan Ə. Nərimanbəyova hələ uşaq yaşlarından rənglər dünyası ilə tanış olub, bu yaradıcı mühitin onun əsərlərinə təsirsiz ötüşməyib. Belə bir mühitdə yetişən Ə. Nərimanbəyova yaradıcılığında özünəməxsus dəst-xətt seçib və əsərlərində bu fərqlilik aydın hiss olunur.
Ə.Nərimanbəyova çıxışında sərginin təşkilinə görə Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib, öz kolleksiyalarından əsərləri bu sərgi üçün təqdim etmiş şəxslərə yaratdıqları imkana görə təşəkkür edib.
Sərginin açılışında qonaqlar arasında yer alan və T. Nərimanbəyovun 1990-cı ildə portretini çəkdiyi Fidan Bağırova uşaq və yeniyetməlik yaşlarında görkəmli rəssamla ünsiyyətindən, onunla bağlı xatirələrindən bəhs edib.
Sonra T.Nərimanbəyovun yaradıcılığı barədə sənədli film nümayiş olunub.
Qeyd edək ki, “Nəsillərin rəng dünyası” sərgisi Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə təşkil edilən, hər il 700-dək muzey və sərgi salonunun təmsil olunduğu “Muzeylərin uzun gecəsi” çərçivəsində oktyabrın 7-dək geniş ictimaiyyət üçün açıq olacaq.