Noyabrın 29-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tofiq Quliyevin geniş yaradıcılığı yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmayıb, o, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan ictimai həyatında özünəməxsus çəkisi olan xadim idi.Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı olan T.Quliyev çoxlu sayda bədii filmlərə bəstələdiyi musiqiləri ilə dillər əzbəri olan neçə-neçə əsər yaradıb.
Konsertdə gənc Azərbaycan musiqiçisi, dirijor Mustafa Mehmandarovun rəhbərlik etdiyi “Xəzər virtuozları“ orkestri Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə dahi bəstəkarın mahnı, vals və müxtəlif filmlər üçün bəstələdiyi əsərləri səsləndirilib. Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Cəlilov və Vyana Musiqi və İncəsənət Özəl Universitetinin tələbəsi Mərziyə Hüseynova konsertdə T.Quliyevin “Sənə də qalmaz”, “Neftçilər mahnısı”, “Axşam mahnısı”, “Sevgi valsı”, “Qızıl üzük” mahnılarını, eləcə də “Görüş“, “Telefonçu qız“, “Bəxtiyar“ filmlərinə yazdığı mahnıları oxuyublar. Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin tələbəsi, gənc pianoçu Abuzər Manafzadə bəstəkarın fortepiano üçün yazdığı bir neçə əsəri ifa edib.