Sənədli-bədii film Azərbaycan Parlamentinin son iclası fonunda Cümhuriyyətin bütün dövrünə nəzər salır, tarixi sənəd və faktlar əsasında Cümhuriyyət qurucularının qeyri-bərabər şəraitdə müstəqilliyin qorunması üçün necə çətin mübarizə apardığını göstərir. Həm ölkə daxilində, həm də ölkə xaricində düşmənlərin əlbir fəaliyyəti Azərbaycanda milli hökumətin süqutuna səbəb olsa da, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edə bildi. Həmin il oktyabrın 18-də Azərbaycan Ali Sovetində tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Müstəqilliyin bərpasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Cümhuriyyətin 100 illiyi münasibətilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.