Yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbəri, Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz triosu Vyanada tanınmış musiqi məkanları arasında yer alan “Frau Mayer“ klubunda çıxış edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan konsertdən əvvəlcə klubun rəhbəri Dominik Qrafl uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib, gələcəkdə də Azərbaycanın peşəkar musiqiçilərinin bu klubda səhnə alacaqlarına ümidvar olduğunu bildirib.
Sonra Salman Qəmbərov ilk olaraq fortepianoda solo, ikinci hissədə isə onu bass gitarada Fuad Cəfərov, zərb alətlərində isə Nicat Bayramov müşayiət ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının caz kompozisiyaları və caz improvizələri ilə işlənmiş mahnıları ifa olunub. Xüsusilə Azərbaycan bəstəkarları Telman Hacıyevin "Abşeron", Rauf Hacıyevin "Çiçək kimi", Tofiq Quliyevin "Zibeyda", "Sevgilim" və "Pəncərəmə qondu çiçək", Emin Sabitoğlunun “Bakı, sabahın xeyir” mahnılarının caz üslubunda interpretasiyası və təqdimatı böyük maraqla qarşılanıb.
Mütəmadi olaraq bu caz məkanında musiqiçilər cem-seyşnlər (jam-session) ilə çıxış edirlər və bu konsert də həmin ənənədən kənarda qalmayıb. Caz klubunun musiqiçiləri – Klara Kaltenbök (vokal) və Daniel Veber (saksofon) Azərbaycan musiqiçiləri ilə əvvəlcədən hazırlanmamış spontan ifalarla tamaşaçıları heyran qoyublar.