Səttar Bəhlulzadə fenomeni olmadan 20-ci əsr Azərbaycan rəngkarlığını təsəvvür etmək mümkün deyil. Zəngin rəng çalarlarına malik əsərləri ilə S. Bəhlulzadə dünyaca məşhur impressionistlərlə bir cərgədə dayanır və Azərbaycanda impressionizm cərəyanının mübağiləsiz ən güclü nümayəndəsi hesab olunur.
Bildirilib ki, daim vətəni ilə bağlı olan rəssam öz əsərlərində Azərbaycanın tarixini, təbiətini və füsunkar mənzərələrini canlandırıb. İkinci dünya müharibəsindən sonra yaradıcılığının inkişaf mərhələsinə qədəm qoyan S. Bəhlulzadənin diqqət mərkəzində tarixi mövzular, Azərbaycan təbiətinin inciləri, xüsusilə Abşeron yarımadası, Bakı kəndləri, neft buruqları və peyzajları dayanırdı. Mənzərə-peyzaj və natürmort janrlarına getdikcə daha çox maraq göstərən rəssam Azərbaycanın füsunkar təbiətini incə xalça naxışlarının düzülüşünə bənzər motivlərlə kətana köçürüb.