“QAYNANA“ BƏDİİ FİLMİ

18 yanvar 2017, 19:00
Bellariastrasse 8, 1010 Wien

Azərbaycan Mədəniyyət Mərkəzində böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.“Azərbaycanda ilk peşəkar aktyorlardan biri olan, ölkəmizdə “ev teatrı”nın ilk və yeganə yaradıcısı, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində dünyaya göz açan Nəsibə Zeynalova atasının yolunu davam etdirərək, aktyorluq sənətini özünə həyat yolu seçib. Azərbaycan musiqili teatrının inkişafında misilsiz rol oynayan Nəsibə Zeynalova teatrla yanaşı, bir çox bədii ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb. Onun yaratdığı Cənnət xala, Nargilə, Züleyxa obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.Tədbirdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək, anası Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb. Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığı “Qaynana” filmi nümayiş etdirilib.