Qara Qarayevin 100 illiyi münasibətilə konsert.

20 noyabr 2018, 19:30
Lothringerstraße 20, 1030 Wien

Dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti yubiley konserti noyabrın 20-də Vyananın “Konzerthaus” mədəniyyət evində keçirilib. Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Tədbirdə Əməkdar incəsənət xadimi, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Orkestri dahi bəstəkar əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə bəstəkarın Azərbaycan klassik musiqi tarixində özünəməxsus yerə malik “İldırımlı yollarla” və “Yeddi gözəl” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürlərindən hissələr səsləndirilib. Almaniyada yaşayan tanınmış azərbaycanlı skripkaçı Anar İbrahimov bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin skripka ilə orkestr üçün “Quasi uno Concerto” əsərini orkestrin müşayiəti ilə ifa edib.

Simfonik orkestrin ifasında təqdim olunan monumental əsərlər klassik musiqi həvəskarlarının sürəkli alqışları ilə qarşılanıb.