Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Avstriyanın dövlət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək baharın müjdəçisi olan Novruz bayramı haqqında qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycan xalqının ən sevilən bayramı olan Novruzun qədim tarixi var və xalqımız bu bayramı həmişə böyük sevgi ilə qeyd edir. Sovet dövründə bu bayram müəyyən təqib və qadağalara məruz qalsa da, xalqımız bu bayramı daim qəlbində yaşatmış, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Novruz daha təmtəraqla və geniş qeyd edilməyə başlamışdır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sayəsində xalqımızın bu əziz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. 2011-ci ildə isə ATƏT-in Vyanada yerləşən Baş Katibliyi Novruzu rəsmi bayramlar təqviminə daxil edib.
Diqqətə çatdırılıb ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar milli opera səhnəsində Leyli və Məcnun obrazlarını canlandıran xanəndələrin Vyanaya dəvət edilməsinə qərar verilib. Həmçinin bildirilib ki, bu il dahi bəstəkarın yubileyi ilə əlaqədar müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirdə xanəndələr Kamilə Nəbiyeva və Mirəli Sarızadə Azərbaycan xalq mahnıları, muğam və təsniflərindən ibarət musiqi proqramı ilə çıxış ediblər. Onları Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança) və Səyyar Teymurov (nağara) müşayiət ediblər. İsveçrədə yaşayan azərbaycanlı rəqqasə Mariya Xan-Xoyskaya Martiqnoli isə milli rəqslərimizi məharətlə ifa edib.
Konsertdən sonra qonaqlara Azərbaycan şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.