Oktyabrın 6-da Vyana Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyanın Qiesen Universitetinin dosenti türkoloq alim Mixael Raynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu“ kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bu il Azərbaycanda “Şuşa İli”nin elan olunduğunu diqqətə çatdırıb. Məmnuniyyətlə qeyd edilib ki, “Şuşanın mirası“ kitabının almandilli məkanda və ümumiyyətlə Avropada ilk təqdimatı Vyana şəhərində baş tutur və bu təqdimat və eləcə də təqdimatdan sonrakı klassik musiqi proqramı “Şuşa İli“nə həsr olunur. L.Qasımova bu kimi sanballı elmi əsərlərin Azərbaycan həqiqətlərinin dünyada yayılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Şuşa şəhərinin Azərbaycan xalqının mədəni və milli-mənəvi kimliyinin formalaşmasında oynadığı roldan, bununla yanaşı daşıdığı siyasi, coğrafi və iqtisadi əhəmiyyətdən bəhs edib.
Kitab barəsində məlumat verən R.Nəbiyev bildirib ki, əsərdə Şuşa şəhəri ilə birgə Qarabağ və Azərbaycanın son 270 ildəki ümumi və mədəni tarixinin mərhələləri təhlil edilir. Şuşa şəhərinin mədəni və ədəbi irsinin detallı analizi Azərbaycan xalqının bu sahələrdə əldə etdiyi nailiyyətlər elmi faktlar və mənbələr əsasında təqdim olunub. Fərqli dillərdə ümumilikdə 600-dən artıq mənbəyə müraciət olunan monoqrafiyada eyni zamanda erməni müəlliflərin əsərlərinə də diqqət ayrılıb, mühüm tarixi xəritə və fotolar kitaba daxil edilib. Monoqrafiyada isbat edilir ki, Şuşa və Qarabağ heç zaman hansısa erməni dövlətinin tərkibində olmayıb və bu ərazilərin ədəbi, mədəni və etnoqrafik irsindəki elementlər də bu faktı təsbit edir. 19-cu əsrin sonunda Şuşada 95 şair və yazıçı, 38 xanəndə, 22 musiqişünas, 11 xəttat və 16 nəqqaş, astronom, memar və müəllimlər yaşamışlar və onların demək olar ki, hamısı müsəlman azərbaycanlılar idilər. Kitabda Şuşanın Azərbaycan mədəniyyətində tutduğu mövqeni müəllif Almaniyada Vaymar şəhəri, Avstriyada isə Vyana şəhəri ilə müqayisə edir.
Müəllif Mixael Raynhard Hess çıxışında bildirib ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Qeyd edilib ki, işğal dövründə Şuşa şəhərində baş vermiş dağıntılar və törədilmiş vandalizm ilk növbədə burada Azərbaycan irsini silmək, onu inkar etmək, yadlaşdırmaq və burada ayrıca bir erməni mövcudluğunu uydurmağa xidmət edirdi.
M.R.Hess təqdimatında Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin inkişafındakı təkanverici roluna ayrıca diqqət ayırıb. Burada yaşayıb-yaratmış görkəmli şair, ədib və musiqiçilərin məhz bu şəhərdən ilham aldığını, Azərbaycan mədəniyyətində Şuşa məktəbinin özünəməxsus yer tutduğunu diqqətə çatdıran alim qeyd edib ki, dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun“ operasını qələmə almaq üçün ilk ideyalar hələ Şuşada olarkən formalaşmış, buradaki ədəbi-bədii mühit, musiqi və səhnə təqdimatları bəstəkarın yetişməsinə və Şərq aləmində ilk operanın yaranmasına təsir göstərmişdir.
Təqdimatdan sonra Almaniyada yaşayan azərbaycanlı skripkaçı, dirijor və bəstəkar Anar İbrahimovun rəhbərliyi ilə klassik musiqi proqramı təqdim olunub. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ilə yanaşı Anar İbrahimovun bəstələdiyi “Mənim ürəyim Şuşa” əsəri də ifa edilib. Gənc musiqiçi Orxan Cəlilovun ifasında səslənən mahnı tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb. A.İbrahimov bu əsərinin “Şuşa İli“ çərçivəsində Vyana şəhərində də təqdimatından məmnun olduğunu ifadə edib.