Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində gənc opera müğənnisi Məryəm Hacıyevanın solo konserti təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin yarandığı dövrdən gənc istedadların üzə çıxması, onların mərkəzin tədbirlərində səhnə alması və mərkəz vasitəsilə müxtəlif tədbirlərdə çıxışına xüsusi diqqət ayrıldığını bildirib. Həmçinin qeyd edilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi ilk növbədə Azərbaycan mədəniyyət və incəsənətini təbliğ etsə də, müxtəlif mədəniyyətlərin təmsilçilərinin bir araya gəldiyi bir məkan rolunu da uğurla həyata keçirir.
Gənc musiqiçi Məryəm Hacıyeva barədə məlumat verən L.Qasımova diqqətə çatdırıb ki, o, öncə qeyd edilən xüsusiyyətləri özündə ehtiva edir, Azərbaycanda doğulan musiqiçi yeddi yaşında ailəsi ilə birlikdə İsrailə köçüb, orada musiqi təhsili alıb və bir neçə ildir artıq Avstriyada yaşayır. Beləliklə, bir neçə ölkənin mədəniyyətini özündə birləşdirən M.Hacıyevanın təqdim etdiyi konsert proqramı da öz zənginliyi ilə seçilir.
Konsertdə Məryəm Hacıyeva bəstəkarlar Volfqanq Amadeus Motsart, Üzeyir Hacıbəyli, Niyazi, Asəf Zeynallı, Tofiq Quliyev, Cüzeppe Verdi və digərlərinin operalarından ariyalar və mahnılar ifa edib. Onu fortepianoda müşayiət edən Yoanna Soxatska isə bundan əlavə olaraq Frederik Şopen, Sergey Raxmaninov, Anna Babilova və digər bəstəkarların fortepiano üçün yazılmış əsərlərini səsləndirib.
Konsert musiqisevərlərin böyük marağına səbəb olub və sürəkli alqışlarla qarşılanıb.