Altı gün davam edən mədəniyyət həftəsinin yekununda müxtəlif ölkələrin milli geyimlərindən ibarət “Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib. Dəfilədə 60-dək ölkənin milli geyimləri təqdim olunub.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.
Tədbirin moderatoru iştirakçılara Gülnarə Xəlilovanın yaradıcılığı və onun rəhbəri olduğu “Gülnarə Xəlilova Moda və İncəsənət Evi” barədə məlumat verib, Azərbaycan milli geyimlərinin moda sərgisində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.