Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) həyata keçirdiyi tədbirlərdə ümumilikdə 60-dək ölkənin nümayəndəsi iştirak edib.
Tədbirin bədii hissəsində gənc musiqiçilər kiçik konsert proqramı ilə çıxış ediblər. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını ifa edib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Podium diskussiyasında müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və Vyana şəhər meriyasının rəhbər vəzifəli şəxsləri çıxışçı kimi iştirak ediblər.
Podium diskussiyasına çıxışçı qismində dəvət olunan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova gender bərabərliyindən danışarkən, bu bərabərliyin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini söyləyib. Bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi qeyd edilib. Müsəlman dünyasında ilk dünyəvi parlament respublikası, etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib bir hadisə idi.
Podium diskussiyasında cəmiyyətdə və dövlət idarəçiliyində gender bərabərliyi, idarəçilik orqanlarında qadınların sayının artırılması, sülhün qorunması və qadınların cəmiyyətdə mövqeyinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.