VYANADA AZƏRBAYCAN VƏ AVSTRİYA MUSİQİÇİLƏRİNİN ÜZEYİR HACIBƏYLİNİN DOĞUM GÜNÜNƏ HƏSR EDİLMİŞ BİRGƏ KONSERTİ OLMUŞDUR

24 sentyabr 2013, 18:00
Bellariastrasse 8,1010 Wien

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü və Milli Musiqi Günü Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) geniş qeyd olunmuşdur.

Tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak etmişlər.

AMM-in rəhbəri Leyla Qasımova mərasimdə çıxış edərək musiqili axşamın ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən dahi bəstəkarın doğum günü Üzeyir Musiqi Günü kimi qeyd edilir. Həmin vaxtdan başlayaraq təkcə ölkəmizdə deyil, eyni zamanda, Azərbaycanın hüdudlarından kənarda bu münasibətlə tədbirlər təşkil olunur.

Ölməz bəstəkarın həyat və yaradıcılığına toxunan L.Qasımova onun Azərbaycan və bütün Şərqdə klassik musiqi sahəsində bir çox yeniliklərə imza atdığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bu il Üzeyir Hacıbəylinin bəstələdiyi “Arşın mal alan” operettasının 100 illik yubileyi Azərbaycandan Kaliforniyayadək dünyanın bir çox yerlərində böyük uğurla nümayiş etdirilmişdir. Bu əsər 2006-cı ildə Avstriya paytaxtında avstriyalı musiqiçilərin iştirakı ilə Vyana Kamera Operasında uğurla səhnələşdirilmişdir. Milli Musiqi Günü münasibətilə Azərbaycan və Avstriya musiqiçilərinin Vyanada birgə konsert proqramı ilə çıxış etmələri isə ənənə halını almışdır.

Konsertdə “Vyana Kamera Orkestrinin Solistləri” simli kvartetinin müşayiəti ilə azərbaycanlı musiqiçilər - Əməkdar Artist, professor Nərgiz Əliyarova (piano), Əməkdar Artist Nərgiz Kərimova (sopran) və Aqşin Abdullayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərini ifa etmişlər. Üzeyir Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, “Sevgili canan” əsərləri, “Arşın mal alan” operettasından ariyalar, eləcə də Tofiq Quliyev, Vasif Adıgözəlov, Niyazi və digər bəstəkarlarımızın mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Nərgiz Əliyarova, həmçinin Volfqanq Amadeus Motsart, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Frederik Şopen və digər bəstəkarların əsərlərini məharətlə ifa etmişdir.

Konsertdən sonra qonaqlara ziyafət verilmişdir