Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində istedadlı gənc pianoçu və bəstəkar Aleksander Maria Vaqnerin solo konserti təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin təsis olunduqdan keçən on il ərzində klassik musiqi və fortepiano ifaçılığına xüsusi diqqət ayırdığını bildirib.
L. Qasımov diqqətə çatdırıb ki, ötən il Vyanada Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən “Odlar Yurdunun sədaları” adlı beynəlxalq musiqi müsabiqəsində “Azərbaycan bəstəkarının əsərinin ən yaxşı ifaçısı“ nominasiyasının qalibi olan A. M. Vaqner ötən dövr ərzində Azərbaycan bəstəkarlarının əsərlərini öz konsert proqramına daxil edib və Avropanın müxtəlif ölkələrində həmin əsərləri ifa edir.
Konsertdən öncə A. M. Vaqner Azərbaycan Mədəniyyət Mərkəzinə yaradılmış imkana görə təşəkkür edib. O, ötən il beynəlxalq müsabiqədə iştirakla onda Azərbaycan klassik musiqisinə böyük maraq oyandığını və müsabiqənin laureatı kimi Bakıda solo konsert proqramı ilə çıxış etdiyini, Bakının zəngin mədəni və tarixi irsi ilə tanış olmaq imkanı qazandığını bildirib.
Konsertdə bəstəkarlar Volfqanq Amadeus Motsart, Tofiq Quliyev, Leoş Yanaçek və Aleksander Maria Vaqnerin əsərləri səsləndirilib. Tofiq Quliyevin 12 parçadan ibarət “Cəmilənin albomu“ pyesi maraqla qarşılanıb.