Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət festivalı start götürüb.
Bir həftə Vyananın müxtəlif tarixi məkanlarında keçirilən festivalın builki açılış mərasimi Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub.
Sayca 6-cı dəfə keçirilən beynəlxalq festivalın açılış mərasimində “İqlim dəyişikliyi və dayanıqlıq“ mövzusunda panel diskussiya təşkil olunub. Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və ICDO-nun rəhbəri Yosipa Palats çıxış edərək, iqlim dəyişikliyinin və onun təsirlərinin aradan qaldırılması üçün müxtəlif sektorların birgə səylərinin vacibliyini və bu mövzuda qlobal müzakirələrin əhəmiyyətini vurğulayıblar.
Panel diskussiyada Filippinin Avstriyadakı səfiri Evangelina Arroyo-Bernas, ICDO-nun məsləhətçisi professor Hermann Mükler və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Yaşar Kərimov çıxış ediblər. Panelçilər iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlıq və uyğunlaşma, beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Panel diskussiyada iqlim dəyişmələrinin su ehtiyatlarımıza, sahilyanı ərazilərə, kənd təsərrüfatı və digər sektorlara təsiri, mitiqasiya və adaptasiya tədbirlərinin əhəmiyyəti, Azərbaycanın iqlim sahəsində nəzərdə tutduğu hədəflərinin icrası və beynəlxalq əməkdaşlıq perspektivləri barədə tədbir iştirakçılarına məlumat verilib.
Qeyd edilib ki, ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2016-cı ildə isə Paris Sazişini ratifikasiya edib. Paris Sazişinə əsasən, beynəlxalq təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma hədəf kimi götürülüb. 2021-ci ildə keçirilən Konvensiyanın tərəflər konfransında isə ölkəmizin yeni hədəfi - 2050-ci ilədək istixana qazlarını 40 faiz azaltmaq bəyan edilib.
Sözügedən hədəflərə nail olmaq üçün ölkəmizin “yaşıl” inkişaf siyasətindən, bu istiqamətdə icra olunan Dövlət proqramları və strategiyalar, eyni zamanda, iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyaların və müasir yanaşmaların tətbiqi barədə məlumat verilib.
Eyni zamanda, məsələnin aktuallığı və müzakirələrə aidiyyəti nəzərə alınaraq, Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyasının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi bildirilib.
Tədbirdə gənc azərbaycanlı musiqiçilər Əminə Məmmədova (fortepiano) və Günel Şirinova (vokal) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.