“İmadəddin Nəsimi və onun dövrü”

10 aprel 2019, 19:00
Bellaria Strasse 8 , Wien 1010

Almandilli məkanda ən çox tanınan Nəsimi tədqiqatçısı olan M.R.Hess görkəmli şair-filosofun həyat və yaradıcılığına dair fundamental əsərlər yazıb, öz doktorluq dissertasiyasını bu mövzuya həsr edib. Təkcə Azərbaycan deyil, eyni zamanda, bir sıra türk dillərinə dərindən yiyələnən M.R.Hess Nəsimi yaradıcılığının alman dilinə ən mükəmməl tərcüməçisi kimi də tanınır. Həmçinin diqqətə çatdırılıb ki, bu kimi şairlərin əsərlərini tərcümə edərkən vəzn ölçüsünün düzgün transferi ilə yanaşı, müxtəlif məna çalarları və sanballı fəlsəfi çəkiyə malik misraların çevrilməsi dərin bilik, bədii duyum və peşəkarlıq tələb edir.

Mixael Hess məruzəsində ilk olaraq Nəsimi yaradıcılığının araşdırılmasında və tərcüməsində müasir problemlərə toxunub. Vurğulanıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Nəsimi ili” bu sahədə mühüm irəliləyişlərin əldə edilməsinə öz töhfəsini verəcək.

Daha sonra Azərbaycanın yerləşdiyi coğrafi məkanda orta əsrlərdə gedən tarixi proseslər, dövlətlər, monqol və Əmir Teymur işğalları barədə danışan alim Nəsimi və onun mənsub olduğu hürufilik fəlsəfi cərəyanını yetişdirən mühitdən bəhs edib. Bildirilib ki, Nəsimi hürufiliyin əsasını qoyan Fəzlullah Nəiminin öldürülməsindən sonra bu təriqətin aparıcı qüvvəsinə çevrilib. Dahi şair türk (Azərbaycan) və fars dillərində qələmə aldığı divanı və missionerlik fəaliyyəti ilə bu təriqətin daha geniş coğrafiyada yayılmasına təkan verib.

M. Hess deyib ki, Nəsimi şeiriyyatının bədii keyfiyyəti və fəlsəfi görüşlərinin dərinliyi onu öz müasirlərindən ciddi şəkildə fərqləndirir. Eyni zamanda, yaradıcılığında Azərbaycan dilinə geniş yer verən Nəsimi ana dilini layiq olduğu yüksək ədəbi səviyyəyə qaldırıb, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin əsasını qoyub. Qeyd edilib ki, məhz Nəsiminin sayəsində hürufilik təriqəti geniş ərazilərə yayılıb, onun fikirləri digər cərəyanlara öz təsirini göstərib və Nəsiminin fəlsəfi görüşləri bu gün də elmi dairələrdə müzakirə mövzusu olaraq qalmaqdadır.

Mixael Hess Heydər Əliyev Fondunun dəstəyi ilə İmadəddin Nəsimi yaradıcılığı haqqında kitablar yazıb, onun tərcüməsində dahi şairin şeirlər kitabı alman dilində işıq üzü görüb. Alim hazırda Nəsimi yaradıcılığı haqqında yeni kitab üzərində işləyir.