Oktyabrın 10-da Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.
Tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, eləcə də media təmsilçiləri iştirak edib. Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı, Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən, yazıçı və xeyriyyəçi Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılıb.
Tədbirə ev sahibliyi edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova təşkilatların təhsil və xeyriyyəçilik sahəsində hədəflərinin kəsişmə nöqtələrindən, mərkəzin təhsil və mədəniyyət sahələrində, xüsusilə də ali təhsil ocaqları arasında əlaqələrin qurulmasına dəstək və istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi istiqamətində fəaliyyətindən danışıb.
Tədbir “Huma quşu” Təhsilə yardım fondunun sədri Şəhla Vəzirovanın fondun fəaliyyət prinsipləri, prosedurları, kommunikasiya imkanları və son bir il ərzində dəstəklədiyi layihələr barədə təqdimatı, eləcə də Humay Quliyeva haqqında lentə alınmış, onun dostları və iş yoldaşlarının xatirələrinin yer aldığı film ilə davam edib.
Təqdimat mərasiminin bədii hissəsində Humayın sevə-sevə dinlədiyi Azərbaycan və Qərbi Avropa müəlliflərinin əsərləri təqdim olunub, solistlər Jalə Rəsulova (piano), Fərid Feyzullayev (skripka), Filip Henri (gitara), Lidia Mashek (cello) və Nataliya Stepanska (vokal) ifasında Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Arkanjelo Corelli, Astor Piazolla və Jaime Ovallenin əsərləri səsləndirilib.