Azərbaycan Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Leyla Qasımova müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində tutduğu önəmli yerdən bəhs edib. Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəlində Heydər Əliyev dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın müqəddəratını öz üzərinə alaraq, ölkəni ağır dövrdən uğurla çıxarmış və müasir inkişafın bünövrəsini qoymuşdur. Bu gün ərazi bütövlüyü və suverenliyini tam bərqərar edən Azərbaycanın siyasi-iqtisadi inkişafının təməli məhz onun adı ilə bağlıdır.
O, həmçinin bildirib ki, sentyabr ayında hər il Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə Milli Musiqi Günü qeyd edilir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi Azərbaycan bəstəkarının doğum günü - 18 sentyabr uzun illərdir həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda qeyd edilir və bu bayram musiqimizin və mədəniyyətimizin təbliği üçün gözəl ənənəyə çevrilib.
Tədbirin bədii hissəsində Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı, gənc pianoçu Ayan Məmmədlinin ifasında Azərbaycan muğamı, xalq və bəstəkar mahnıları səsləndirilib.