Günay Məmmədzadə ilə şahmat üzrə İddiaçılar Turnirinin oyunlarının şərhi

13 aprel 2024, 17:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Azərbaycanın ən yüksək reytinqə malik qadın şahmatçısı, millimizin kapitanı və Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində hazırda Kanadada keçirilən İddiaçılar Turnirinin oyunlarını şərh edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin Vyana Şahmat Federasiyası ilə birgə təşkil etdiyi tədbirə peşəkar və yeniyetmə şahmatçılar, şahmat həvəskarları və media təmsilçiləri qatılıblar.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, zəngin şahmat ənənələrinə malik Azərbaycandan şahmatçıların avstriyalı şahmatsevərlərlə görüşü artıq ənənə halını almaqdadır. Bundan əvvəl qrossmeyster Nicat Abasov da Azərbaycan Mədəniyyət Mərkəzində sinxron şahmat turnirində iştirak edib.

Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbe şahmatçılar üçün yaradılan şəraitə və uğurlu əməkdaşlığa görə təşəkkür edib, gələcəkdə də Azərbaycan şahmatçılarının biliklərindən bəhrələnmək üçün keçiriləcək tədbirlərə böyük maraq göstərdiklərini deyib.

Sonra beynəlxalq usta Günay Məmmədzadə Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin əsas qarşılaşmalarını şərh edib. O, bu turnirdəki təmsilçimiz Nicat Abasovun taktiki gedişləri və diaqramlarını təqdim edib, yekunda isə şahmatsevərləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Günay Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sinxron şahmat turnirində də iştirak edəcək və 30 şahmatçıya qarşı oynayacaq.