Martın 6-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, “Şöhrət” və “Şərəf” ordenli Çingiz Fərzəliyevin “Dünyanın siması” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına həsr edilmiş sərgi Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub.
Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bu yaxınlarda 80 yaşı tamam olan Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətindən danışıb.
Bildirilib ki, Ç.Fərzəliyev bir rəssam kimi nəinki Azərbaycanda, həm də ölkəmizdən uzaqlarda tanınır. Məhz buna görə onun təltifləri sırasında müxtəlif ölkələrin nüfuzlu orden və mükafatları yer alır. Onların arasında Avstriyanın ali mükafatı da var. Ç. Fərzəliyev Azərbaycan ilə Avstriya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Avstriyanın bu sahə üzrə ali mükafatı ilə təltif edilib.
L. Qasımova diqqətə çatdırıb ki, Bakı və Moskvada rəngkarlıq üzrə təhsil almış Ç. Fərzəliyev tədris prosesi ilə məşğul olub, 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbəri çalışıb. XX əsr Azərbaycanın təsviri sənətinin 45 görkəmli nümayəndəsinin yaradıcılığını əks etdirən “Sərvət” silsiləsindən 36 kitab isə onun Azərbaycan mədəniyyətinə verdiyi önəmli töhfələr arasında yer alır.
Həmçinin diqqətə çatdırılıb ki, tədbirin bədii hissəsində çıxış edəcək Murad Adıgözəlzadənin bu yaxınlarda 50 illik yubileyi qeyd edilib və bu tədbirdə iki yubilyarın iştirakı böyük məmnunluq doğurur.
Çingiz Fərzəliyev çıxışında bu sərginin təqdimatı üçün yaradılan şəraitə minnətdarlığını bildirib. O qeyd edib ki, “Dünyanın siması” sərgisində toplanan əsərlərin mahiyyəti dünyamızı qorumağa, bəşəriyyəti ətraf mühitlə bağlı daha diqqətli olmağa çağırışdan ibarətdir. Müasir dövrümüzdə ekologiyanın və ətraf mühitin təmizliyinə diqqətin artırılmasını müsbət qiymətləndirən müəllif Azərbaycanın bu istiqamətdə mühüm rol oynayan ölkələrdən biri olduğunu deyib.
Sonra Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə musiqili proqramla çıxış ediblər
Konsertdən əvvəl bildirilib ki, Ç. Fərzəliyevin yaradıcılığına hədiyyə xarakteri daşıyan musiqili proqramın tərtibatında ana təbiət və təbiət gözəlliklərinin tərənnüm olunduğu əsərlərə xüsusi yer verilib.
Konsertdə, həmçinin opera müğənnisi Olqa Çervinski tanınmış bəstəkarların romanslarını ifa edib. Eyni zamanda, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Aziz Əlizadə, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli, Mixail Qlinka və Sergey Raxmaninovun əsərləri yer alıb. Sərgi aprelin sonunadək nümayiş etdiriləcək.