Gənc Azərbaycan istedadları Vyanada Milli Musiqi Günü münasibətilə konsert veriblər

17 sentyabr 2018, 19:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Sentyabrın 17-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə klassik musiqi axşamı keçirilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu dahi bəstəkar, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəyli barəsində məlumat verib. Diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.

L.Qasımova bildirib ki, dahi bəstəkarın doğum günü ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi hər il Vyanada klassik musiqi axşamları təşkil edir. Bu konsert proqramlarında Avstriya və Azərbaycan musiqiçiləri çıxış edir və həmçinin Avropada təhsil alan və yaşayan gənc musiqiçilərimizə geniş yer ayrılıb. Budəfəki konsertdə isə diqqət mərkəzində Avstriyada təhsil alan istedadlı azərbaycanlı musiqiçilər dayanır.

Konsert axşamında pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin bədii rəhbərliyi ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqram təqdim olunub. Vyana Musiqi və İncəsənət Özəl Universitetinin tələbəsi Mərziyə Hüseynova (vokal), Fərid Feyzullayev (skripka) və Vahid Vəliyevin (tar) ifaları tamaşaçılarda xoş təəssürat yaradıb. Abuzər Manafzadənin bəstələdiyi və Avstriyada ilk dəfə ifa etdiyi “Xocalıya” kompozisiyası böyük maraq və rəğbətlə qarşılanıb.