Dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin 75 illiyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində yubiley konserti olub.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb.
Qeyd edilib ki, Fərhad Bədəlbəyli Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi və mədəniyyət diyarı olan Qarabağ, Şuşa şəhəri Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında yer alan Bədəlbəylilər nəsli təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın mədəni və ictimai həyatında önəmli rol oynayıb. Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq və maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar və dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor və aktyor olub. Belə yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli də həyatını musiqi ilə sıx bağlayıb.
Diqqətə çatdırılıb ki, 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru olan, eləcə də pedaqoji fəaliyyətlə məşğul olan görkəmli musiqiçi Azərbaycanın mədəni-ictimai həyatında xüsusi çəkiyə malik şəxsiyyətlərdəndir. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür. Ötən il Vyana şəhərində təşkil olunmuş “Odlar Yurdunun sədaları“ beynəlxalq musiqi festivalının münsiflər heyətinə fəxri sədrlik edən F.Bədəlbəyli Azərbaycan musiqisinin Avropada təbliği və gənc istedadların üzə çıxarılmasına töhfə verib.
Sonra Fərhad Bədəlbəyliyə həsr olunmuş sənədli videoçarxlar nümayiş olunub.
Tədbirin bədii hissəsində yubilyar Fərhad Bədəlbəyli beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (skripka) və Mariya Şebzukova (soprano) ilə birlikdə klassik konsert proqramı təqdim edib. Konsertdə bəstəkarlar Qara Qarayev, Cövdət Haciyev, Mixail Qlinka, Yohannes Brams və digər bəstəkarların əsərləri səsləndirilib. F.Bədəlbəylinin bəstələdiyi “Ave Maria“ və “Dəniz“ əsərləri, Tofiq Quliyevin “Qaytağı” fortepiano pyesi xüsusi maraqla və rəğbətlə qarşılanıb.