Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyə səfirinin xanımının sərgisi

23 oktyabr 2024, 19:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhunun xanımı Əzizə Ceyhunun əsərlərindən ibarət sərginin açılışı olub.
Sərginin açılışında Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də türk və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin bütün platformalarda yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. O, sərginin Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsindən məmnunluq ifadə edib.
Əzizə Ceyhun yaradılan imkana görə təşəkkür edərək, qonaqlara sərgilənən əsərlər barədə məlumat verib. Bildirilib ki, Vyanada diplomatik missiya dövründə ərsəyə gələn əsərlər “Alcohol Ink Art“ adı verilən bir sənət texnikası ilə hazırlanıb. Həmin texnikanın xüsusiyyəti ondan ibarətdir ki, alkoqol tərkibli mürəkkəbin digər kimyəvi maddələrlə qarışdırılmasından yaranan məhlul kağız üzərində boyanır və bu zaman fırça və ya digər alətlərdən istifadə edilmir, rəngli məhlul kağız və tekstil üzərinə əllə çəkilir. Bu sənət texnikasının Ebru dekorativ sənəti ilə oxşarlığa malik olduğunu, lakin burada sudan istifadə edilmədiyini diqqətə çatdıran Əzizə Ceyhun əsərlərdəki naxış və motivlərin boyanın əllə sürətli hərəkəti nəticəsində yarandığını bildirib.
Səfir Ozan Ceyhun Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəm bünövrə üzərində qurulduğunu, həyat yoldaşının əsərlərinin məhz Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənməsinin onlar üçün xüsusi anlam daşıdığını vurğulayıb.
Sərgi oktyabr ayının sonunadək incəsənət həvəskarları üçün açıq olacaq.