ELÇİN ŞİRİNOV VYANADA KONSERT PROQRAMI İLƏ ÇIXIŞ EDİB

12 oktyabr 2015, 19:00
Riemergasse11 ,1010 Wien

Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Vyanada “Porgy & Bess” klubunda Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Britaniya-İtaliya caz triosu konsert proqramı ilə çıxış edib.

Vyananın ən tanınmış caz məkanı sayılan “Porgy&Bess” caz klubunda toplaşan musiqisevərlərə “Elçin Şirinov Trio”unun ifasında Azərbaycan milli musiqisi və bəstəkarlarının əsərləri Qərb caz sənətinin incə və ritmik çalarları ilə ahəngli sintezindən ibarət möhtəşəm konsert təqdim olunub. Elçin Şirinovun aranjemanında görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından “Deyirlər ki, toy olacaq” mahnısı və Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, “Sarı gəlin” xalq mahnısı, eləcə də onun öz bəstələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Elçin Şirinovla uzun illərdən bəri birgə çalışan Andrea Di Biase (bass) və Deyv Hamblett (zərb alətləri) konsertdə öz yüksək məharətlərini nümayiş etdiriblər.