Dekabrın 19-da Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Şuşa İli” münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Azərbaycanın Avstriyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, xalqımız hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük təntənə və qürur hissi ilə qeyd edir.
Səfir bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2001-ci ildən bu günə kimi Dünya Azərbaycanlılarının 5 qurultayı keçirilib və bu qurultayların keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verib. “Şuşa İli” çərçivəsində bu il Şuşada keçirilən Beşinci Qurultayda Avstriyadakı Azərbaycan diasporunun üzvləri də fəal şəkildə iştirak ediblər.
Daha sonra səfir Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri, regionda mühüm əhəmiyyət kəsb edən hadisə və layihələr barədə, xüsusilə də son günlərdə Xankəndi-Gorus yolu ətrafında erməni tərəfinin mediada yaratdığı əsassız səs-küy barədə məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində şanlı Zəfər əldə edənədək Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini işğal faktı və ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyinə yönəldirdisə, artıq müharibədən sonra bölgədə yeni reallıqlar yaradan Azərbaycan sülh gündəliyini həyata keçirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparır. Xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları yerli ictimaiyyəti Azərbaycanın dinc qonşuluq və birgəyaşayışa hədəflənmiş fəaliyyəti barədə məlumatlandırılmasında fəal iştirak etməlidirlər.
Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov çıxışında rəhbərlik etdiyi qurumun sona çatmaqda olan il ərzində göstərdiyi fəaliyyət barədə danışıb, qarşıdakı dövrdə nəzərdə tutulan layihələrdən bəhs edib. O, soydaşlarımızı diaspor quruculuğunda fəal iştiraka dəvət edərək, bu kimi tədbirlərə göstərilən dəstəyə görə minnətdarlıq edib.
Sonra Avstriyada yaşayan gənc azərbaycanlı musiqiçilər – Ayan Məmmədli (fortepiano), Abuzər Manafzadə (fortepiano) və Orxan Cəlilov (vokal) Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarından ibarət bayram konserti ilə çıxış ediblər.