Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət festivalı keçirilib.
Sentyabrın 18-dən 24-dək davam edən festival çərçivəsində Vyanada Yunus Əmrə İnstitutunda “İqlim dəyişikliyi və dayanıqlıq” mövzusunda rəsm sərgisi açılıb. “Dayanıqlı müxtəliflik” adlanan sərgidə 20-dən artıq ölkədən müxtəlif rəsm əsərləri ilə yanaşı, UNESCO-nun mədəni irs siyahısına aid olan sənət nümunələri, instalyasiyalar da nümayiş olunub. 30-dan çox rəssamın əsərinin sərgiləndiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Sərgidə iqlim dəyişikliyi, dayanıqlılıq və müxtəliflik arasındakı əlaqəni vurğulayan bədii ifadələrin geniş spektrini təqdim edir, həmçinin Azərbaycan nümayəndəsi Yeganə Azadovanın da əsərləri nümayiş olunub. Xalça motiv və elementlərinin yer aldığı tablolarda Azərbaycan xalqının xalçaçılıq kimi milli və təbii resurslara söykənən dayanıqlı əl sənəti ənənəsi ön planda olub.