Sentyabrın 21-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Bakının memarlığı və tarixində polyak izləri“ adlı məruzə axşamı təşkil olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycanın və Polşanın Avstriyadakı səfirlikləri və Vyana Polyak İnstitutu ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan və Polşa diasporunun üzvləri, eləcə də Avstriya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycanın müxtəlif xalqların nümayəndələrinin dinc birgə yaşadığı ölkə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sırada polyak icmasının da adı var və kiçik olmasına baxmayaraq, bu icmanın üzvləri Azərbaycan və Bakı şəhərinin tarixi, xüsusilə də Bakının memarlığında silinməz izlər qoya biliblər.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxışında bu il Azərbaycan-Polşa münasibətlərində dörd əlamətdar yubileyin qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə yanaşı, orta əsrlər Azərbaycanın Polşa Krallığı ilə tarixi əlaqələrinin 550 illiyi, iki ölkə arasında strateji tərəfdaşlığın 5 illiyi və Papa II İoann Pavelin Azərbaycana səfərinin 20-ci ildönümü ilə əlamətdardır.
Qeyd edilib ki, 20-ci əsrin əvvəllərində polyaklar Azərbaycanda memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu, biznesmen və dövlət xadimi kimi fərqləniblər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da yaxından iştirak edən polyak vətəndaşlarımız demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunaraq, Azərbaycanın maraqları üçün səylərini əsirgəməyiblər.
Vyana Polyak İnstitutunun direktoru Monika Şmiqiel-Turley Azərbaycanla Polşa arasındakı münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib və hətta Avstriyada – hər iki ölkənin hüdudlarından kənarda da bu sıx əlaqələrin mövcud olduğunu vurğulayıb. O, mədəniyyət mərkəzləri arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Sonra tanınmış aparıcı, “Bakının sirləri” verilişinin müəllifi və aparıcı, şərqşünas və araşdırıcı Fuad Axundov Azərbaycandakı polyak icmasının tarixi, Bakının inkişafı və memarlıq üslubunun formalaşmasında xüsusi rol oynamış polyak əsilli memarlar və mühəndislər barədə məruzə ilə çıxış edib. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində baş verən neft bumu barədə danışan F.Axundov bu proses nəticəsində Bakı şəhərinin sürətlə inkişaf edən sənaye və mədəniyyət mərkəzinə çevrildiyini, 1901-ci ildə dünya xam neftinin yarıdan çoxunun məhz burada istehsal edildiyini, burada dünyada ilk neft tankeri və ilk boru kəmərlərinin inşa olunduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, həmin dövrdə əhalinin sürətli artımı, sonrakı onilliklərdə şəhəri formalaşdıracaq böyük etnik və mədəni müxtəlifliyə səbəb olub. Polşa icması sayca az olmasına baxmayaraq, Bakının ən nüfuzlu qruplarından biri sayılırdı və şəhərin sosial və ictimai həyatında çox mühüm rol oynayırdı.
Bakı şəhərinin ilk merlərindən biri olan Stanislav Despot-Zenoviçdən başlayaraq, Yozef Qoslavski, Yozef Ploşko, Kazimierz Skoreviç və Yevgenius Skibinski kimi bir sıra görkəmli memar və inşaat mühəndisləri Bakının abadlaşması, memarlıq üslubunun formalaşması və günümüzə kimi Bakının gözəlliyinə rəng qatan tarixi binaların tikintisinə rəhbərlik ediblər. Eyni zamanda, polyak memarlar Şamaxı və Gəncədə də fəaliyyət göstəriblər.
Polyak memarları sayəsində Bakı şəhərinin “Qafqazın Parisi” kimi şöhrət qazandığını diqqətə çatdıran F.Axundov polyak mühəndislərin neft sənayesinin inkişafına da töhfələr verdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, əslən azərbaycanlı olan Polşanın milli ordusunda və “Armija Krajowa”da Polşa uğrunda mübarizə aparmış polkovnik Vəli bəy Yadigar və əslən polyak tatarı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general Maçey Sulkeviç kimi həm Azərbaycanın, həm də Polşanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş qəhrəmanlarımızın xatirəsi hər birimiz üçün əzizdir.
Məruzədən sonra Avstriyada yaşayan musiqiçilər Fərid Feyzullayev (skripka) və Piotr Yavorski (fortepiano) Azərbaycan və Polşa bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi proqramı ilə çıxış ediblər.