H.M.Yohenninq bildirib ki, indiyədək bir neçə şəhər haqqında memarlıq bələdçisi yazıb. Azərbaycan paytaxtının memarlıq abidələrinə marağı onu “Bakının memarlıq bələdçisi” kitabını qələmə almağa həvəsləndirib. Azərbaycana dəfələrlə etdiyi səfərlər, arxivlərlə iş, mütəxəssislərlə əməkdaşlıq və şəxsi araşdırmalar nəticəsində ərsəyə gələn kitabda Bakı şəhərinin bütün mühüm memarlıq abidələri haqqında məlumatlar almandilli oxuculara təqdim olunur.
Müəllif təqdimat zamanı Azərbaycanın və Bakının ümumi tarixinə ekskursiya edib, şəhərdə müxtəlif memarlıq üslublarında tikilmiş binalardan bəhs edib. Qeyd edilib ki, Bakıdakı memarlıq abidələrini öz tarixi inkişaf və üslubuna görə bir neçə dövrə bölmək olar: İslam memarlığı dövrü (1806-cı ilədək), çar Rusiyası və ya ilk neft bumu dövrü (1806-1917-ci illər), sovet konstruktivizmi və ya stalinizm dövrü (1917-1950-ci illər), sovet modernizmi (1950-1991-ci illər) və müasir və ya ikinci neft bumu dövrü (1991-ci ildən indiyədək).
Məruzədə əsas diqqət mövzuya uyğun olaraq Bakı memarlığının ən rəngarəng dövrü olan XIX əsrin sonu və XX əsrin əvvəllərinə yönəldilib. Qeyd edilib ki, neft bumu nəticəsində böyük gəlir əldə edən neft milyonçuları Avropa nümunəsi əsasında həmin dövrün peşəkar memarlarına dəbdəbəli imarətlər və digər binalar inşa etdirməyə başladılar. Gül və həndəsi naxışlar, eləcə də Quran ayələrindən əlavə heç bir bəzək elementlərinin istifadə edilmədiyi İslam memarlıq abidələri ilə yanaşı, həmin dövrdə Bakıda Avropa memarlarının müxtəlif üslublarda inşa etdiyi tikililər meydana gəlməyə başladı. Bakıda barokko, klassisizm, qotik və gənclik üslubları ilə yanaşı, eklektisizm (müxtəlif üslubların qarışığı) üslubunda binalar tikilirdi. “Şərqin Parisi” adlandırılan Bakıda təkcə gənclik üslubunda inşa edilmiş 80-dən çox bina günümüzə qədər gəlib çatıb. Azərbaycandakı gənclik üslubunun xüsusiyyəti ondan ibarət olub ki, Avropada fasad dekorasiyası üçün beton və ya süni mərmərdən istifadə edildiyi halda, azərbaycanlı ustalar daşdan istifadə ediblər. Bu gün Bakıya xüsusi gözəllik verən bir çox binanın fasadındakı naxış, fiqur və elementlərin daşdan yonulması çox yüksək dəqiqlik və ustalıq tələb edən iş olub. Məhz buna görə də bir çox mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, gənclik üslubu Qərbi Avropada təşəkkül tapsa da, öz zirvə dövrünü Şərqi Avropada yaşadı.
Müəllif bildirib ki, bu məruzənin əsasında duran kitab ötən il Berlin şəhərində yerləşən “DOM Publishers” nəşriyyatında çap olunub. O, tədbir iştirakçılarını memarlıq üslubu ilə Şərq xalçasını xatırladan, müxtəlif üslubların ahəngdar ansamblına malik Bakı şəhərini öz gözləri ilə görməyə, qədimlik və müasirliyin qovuşduğu şəhərə səfər etməyə dəvət edib.
Qeyd edək ki, müəllifin “Bakı şəhərinə səyahət” adlı bələdçisi də Azərbaycan paytaxtına səfər etmək istəyən almandilli turistlər üçün sanballı vəsaitdir. Eyni zamanda, müəllif yaxın gələcəkdə “Azərbaycana səyahət” adlı kitab layihəsi üzərində işləmək istədiyini də ifadə edib