Sentyabrın 29-da Avstriyanın Baden şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabski və tarzən Bəhruz Zeynal konsert proqramı ilə çıxış ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsertdən öncə çıxış edən bu şəhərin Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer Azərbaycan Mədəniyyət Mərkəzi ilə artıq ənənə halını alan mədəni əməkdaşlıqdan məmnun olduqlarını və indiyədək Azərbaycan musiqiçilərinin Badendə dəfələrlə maraqlı konsert proqramları ilə çıxış etdiklərini bildirib.
Caz konsertində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, həmçinin Azərbaycan xalq mahnıları caz improvizasiyaları ilə təqdim olunub. Eləcə də İsfar Sarabskinin bəstələdiyi “Novruz“, “Qarabağ atları“, “Area DNA“, “The Edge“ əsərləri, Bəhruz Zeynalın isə müəllifi olduğu “Batin“ kompozisiyaları maraqla qarşılanıb. İ.Sarabskinin bəstələdiyi “Naməlum“ əsəri isə ilk dəfə ictimaiyyət üçün səsləndirilib.
Qeyd edək ki, İsfar Sarabski və onun rəhbərlik etdiyi musiqi qrupu sentyabrın 15-dən oktyabrın əvvəlinədək Azərbaycan musiqi mədəniyyətinin tanıdılması məqsədilə Avropanın bir sıra ölkələrində qastrol səfərindədir. Səfər çərçivəsində məşhur “Warner Music Group” şirkətinin əməkdaşlığı ilə yazılan “Planet” albomunun da təqdimatı keçirilir.