Noyabrın 12-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı gənc istedadların konserti keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çxışında mərkəz tərəfindən gənc istedadların dəstəkləndiyini və onların xaricdə mədəniyyətimizi təmsil etmələrinə şərait yaradıldığını bildirib. Məhz buna görə də Bakı şəhər Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konsert layihəsi maraqla qarşılanıb və beləliklə gənc musiqiçilər avstriyalı musiqisevərlər üçün maraqlı proqram hazırlayıblar.
Diqqətə çatdırılıb ki, bu günlərdə Azərbaycanda bir neçə bayram günləri qürurla qeyd edilir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğulları qəhrəmanlıq dastanı yazdılar və bu münasibətlə artıq ikinci ildir ki, Zəfər Günü təntənə ilə qeyd edilir.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycanda Dövlət Bayrağı Günü və Konstitusiya Günü də bu bayramlar sırasında yer tutur.
Tədbirin bədii hissəsində H. Sarabski adına uşaq musiqi məktəbinin şagirdləri Camal Əliyev, Fərəh Əliyeva, Cəmilə Rəhimova və Nuray Quliyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Proqramda bəstəkarlar Qara Qarayev, Vaqif Mustafazadə, Polad Bülbüloğlunun əsərləri yer alıb. Əsas diqqət isə bu il yubileyləri qeyd edilən Fikrət Əmirov, Tofiq Quliyev və Emin Sabitoğlunun əsərlərinə ayrılıb. Azərbaycan bəstəkarları ilə yanaşı Avstriya bəstəkarı Yohann Ştraussun bəstələri də tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.