Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Avstriyanın paytaxtı Vyana şəhərində “Azərbaycanın şərabçılıq ənənəsi” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxış edib, Azərbaycan Turizm Bürosunun Qastronomiya Turizminin İdarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova tərəfindən ölkəmizin şərabçılıq ənənəsi barədə təqdimat edilib, “Savalan – ASPI Winery” MMC-nin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə bəhs edilib.
Qeyd olunub ki, coğrafiyası və iqlimin müxtəlifliyi sayəsində üzümçülüyün inkişafı üçün ideal şəraiti olan Azərbaycan zəngin şərabçılıq tarixinə malikdir. Burada ənənəvi şərabçılıq texnikası ilə yanaşı müasir innovasiyalar tətbiq olunur, tanınmış üzüm sortlarından geniş istifadə etməklə yanaşı bəzi köhnə sortların dirçəldilməsinə və yerli sortların yetişdirilməsinə diqqət yetirilir.
Tədbirdə Azərbaycanda şərabçılığın yaranma tarixi, inkişaf yolu, hazırda mövcud vəziyyət, ölkəmizdə istehsal olunan şərabların müxtəlifliyi və yerli üzüm növlərindən hazırlanan şərablar barədə məlumat verilib.
“Savalan” brendi altında və “AzGranata” MMC tərəfindən istehsal olunan şərabların dequstasiyası təşkil edilib. Xocavənd rayonunun Tuğ kəndinin işğaldan azad edilməsindən sonra ilk dəfə buradan toplanmış “Xındoqnı” üzüm sortundan hazırlanmış şərab təqdim olunub.
Tədbirdə Avstriyanın şərabçılıq üzrə ixtisaslaşan mütəxəssisləri, şərab istehsalı və satışı ilə məşğul olan şirkətlərin nümayəndələri və iş adamları iştirak edib.